Azərbaycanın qlobal bəlaya qarşı “xilas paketi”

İpotekadan təhsil haqqına, işıq pulundan bank borcuna qədər müxtəlif sahələrdə əhaliyə və biznesə genişmiqyaslı dövlət dəstəyi proqramı gəlir.

Azərbaycan dövləti karantin dövründə ölkə əhalisi və iqtisadiyyata dəstək planı hazırlayıb.

Xatırladaq ki, bir qədər əvvəl Prezident İlham Əliyev “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam imzalayıb.

İqtisadiyyat Nazirliyi bu sənədə əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlayıb.

Sənəd bir gün əvvəl ölkə prezidentinə təqdim olunub. İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədi ictimaiyyətə açıqlayıb.

Əvvəlcə onu qeyd edək ki, bu günə qədər bir sıra dövlətlər, o cümlədən, ABŞ, Fransa, Almaniya, Türkiyə karantin dövründə iqtisadiyyata dəyən zərəri azaltmaq, eləcə də, əhaliyə maddi dəstək göstərilməsini nəzərdə tutan “xilas paketləri” hazırlayıb.

Azərbaycanda da karantin rejiminin elan olunması və bir çox iş yerlərinin fəaliyyətini dayandırmasından sonra sahibkarlara və sadə vətəndaşlara dəstək göstərilməsi məsələsi gündəmə gəlib.

Prezident İlham Əliyev bu məqsədlə bir milyard manat vəsait ayırıb. Həmçinin, maliyyə yardımı kampaniyası başladılıb və nəhayət, ölkə başçısı yuxarıda qeyd olunan sərəncamı imzalayıb.

İqtisadiyyat Nazirliyinin hazırladığı sənəd genişmiqyaslıdır və ölkədə karantin dövründə daha çox zərərə uğrayacaq bütün iqtisadi subyektlərə, eləcə də, əhaliyə maddi yardımı nəzərdə tutur.

Sənədə bunlar daxildir:

1. Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı (iş yerlərinin azaldılmaması məqsədilə);

2. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi proqramı (iş yerlərinin qorunması məqsədilə);

3. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı;

4. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı (0,5 milyard manat);

5. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı (1,0 milyard manat);

6. Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket;

7. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı;

8. İpoteka və kredit-zəmanət mexanizminə maliyyə dəstəyi proqramı;

9. Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərinə dəstək proqramı;

10. Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı.

Vergleiche einträge

Vergleichen